IT academy :: Layihə haqqında

Əziz dostlar !

İnkişaf etmiş ölkələrin təcrübəsi sübut etdi ki, inkişaf etmiş ölkələr bu zirvəyə ilk növbədə güclü insan kapitalının formalaşması yolu ilə gəliblər. XXI əsrdə hər mənada güclü, ağıllı, intellektual insan olmağın yolu düzgün alınan informasiyadan keçir. Niyə məhz informasiya? Bu gün informasiya həm bilik, həm təcrübə, həm də karyera deməkdir. Müasir dünyada isə informasiya deyəndə ilk olaraq internet ağla gəlir. İnternet bütün dünyada kütləvi olaraq yayıldıqdan sonra qloballaşmanın məntiqinə uyğun olaraq sanki bütün dünya kiçilərək vahid informasiya sisteminin ətrafında qruplaşıb. Bu qlobal sistemdə kim informasiyaya daha yaxındırsa,  kim informasiyadan daha səmərəli istifadə edə bilirsə O da daima irəlidədir. Dolayısıyla, bu gün güclü, ağıllı, intellektual olmağın yolu internetə və informasiyaya yaxınlıqdan, bütövlükdə cəmiyyət olaraq informasiya cəmiyyətinə qoşulmaqdan gedir.

Bu gün internet sözü Sürət sözünə paralel olaraq istifadə olunur.

XXI yüzilliyə doğru getdikcə insan kapitalı sözü sürət və dinamika ilə parallel olaraq işlənir. Çünki, XXI yüzilliyin simvolu "sürət, dinamika" və əvvəlki zamanla müqayisə olunmayan "temp" anlayışlarıdır. Amerikalı intellektual T.Fridmana görə, "XX əsrdə böyük dövlətlər kiçikləri "udurdusa", XXI əsrdə "sürətli" dövlətlər ləng, asta templə gecikən ölkələri "həzm edəcəkdir". Bu sözlərin sadə həqiqəti köhnə simvollardan imtina etmədən yeni dünya qurmağın qeyri-mümkünlüyünü ifadə edir. "Sürət" tempinin əksi olan ləngimə ötən yüzilliyin simvolu kimi tarixdə qalmışdır. Dolayısıyla bu gün Azərbaycanda sürətli cəmiyyət yaratmağın yolu, informasiya texnologiyalarından istifadə edən vətəndaşlar formalaşdırmaqdan keçir. 

Bilirsiniz ki, cənab Prezident İlham Əliyev tərəfindən ölkənin kompüterləşməsi proqramı və informasiya texnologiyalarının inkişafı layihəsi sürətlə həyata keçirilir, kütləvi şəkildə bütün orta və ali məktəblər kompüterləşdirilir. Ancaq apardığımız monitorinqlər göstərir ki, Azərbaycanın regionlarında bəzi məktəblərdə kompüterlər quraşdırılsa da nəinki məktəblilər, hətta kompüterin tədrisinə məsul olan bəzi şəxslərin özləri də kompüterlərə ehtiyatla yanaşır və ondan fəal şəkildə istifadə etmirlər. Nəticədə texnologiyanın sürətlə inkişaf etdiyi və yeniləndiyi bir dövrdə həmin kompüterlərin köhnəlməsinə və istifadə edilmədən yararsız hala düşməsinə səbəb olurlar. 

Bildirmək istəyirəm ki, biz Azərbaycanın bütün regionlarını əhatə edəcək “İnformasiya Texnologiyaları Akademiyası” layihəsini həyata keçirərək 1 ildə 50 000 insanı kompüter və internetdən istifadəsiyə təşviq edəcəyik. Biz bu layihə ilə regionlarda yaşayan insanlarımızı İnformasiya Cəmiyyətinə qovuşduracaq, onları lokal məkandan çıxararaq dünya ilə inteqrasiyasına imkan yaratmağa çalışacağıq. 1 ildə 50 000 insan - bu çətindir – ama mümkündür. 

Layihə Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edəcək. Layihənin hədəf qrupunu gənclərlə yanaşı, xüsusilə gənc müəllimlər təşkil edir.  Layihədə iştirak edən müəllimlərin daha sonra öz şagirdlərinə bu bilikləri ötürməsi yolu ilə layihənin iştirakçılarının sayı daha da artacaq.

Layihə çərçivəsində çox ciddi tərəfdaşlarımızın olması, bizə bu layihənin uğurla həyata keçiriləcəyinə əminlik verir. Qeyd edim ki, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, “hp” şirkəti, “Microsoft” şirkəti , “Bestcomp” şirkəti, “Yumroo” şirkəti layihənin tərəfdaşları arasındadır. Bundan əlavə hər bir rayon və şəhərdə həmin rayon və şəhərin icra hakimiyyətləri ilə əməkdaşlıq qururuq. Misilsiz bir korporativ əməkdaşlıq nümunəsi olan bu layihədə bizə dəstək verən bütün tərəfdaşlarımıza öz minnətdarlığımı bildirirəm. 

Layihənin birinci hədəf qrupu kompüteri bilməyən gənc insanlardır. Layihənin hədəf qrupu gənclər olsa da, əsasən gənc müəllimləri nəzərdə tutmuşuq. O gənc müəllimlər ki, onlar hələ də informasiya texnologiyalarından istifadə etmirlər. Hesab edirik ki, zəruri kompüter biliklərini tədris etmək, internetdən istifadəni öyrətmək, bu insanların hər birinin elektron poçtlarının açılması, axtarış sistemlərindən, zəruri saytlardan faydalı istifadə edilməsi yolları, təqdimat bacarıqları və s. öyrədiləcək. Müəllimlərin gələcək nəsillərə informasiyaların transferində rolu nəzərə alınaraq onlara üstünlük verilir. 

Artıq regionlarda proqramı tədris edəcək müəllimlər, texniki heyət və işçi qrupu hazırdır. Regionlara səfər edəcək qruplar xüsusi avtobuslar ayrılmışdır. Regionlarda layihənin posterləri yerləşdirilmişdir. Kurslarda iştirak etmək istəyən insanlar hər bir rayonun gənclər və idman idarəsinə gələrək xüsusi ərizə formalarını doldurur. Kompüter və ona bağlı texniki avadanlıqlar hər bir rayonda əvvəlcədən müəyyən edilmiş yerlərdə quraşdırılır. Dərs cədvəlləri barədə öncədən kurs iştirakçılarına xəbər verilir. Kursun yekununda keçirilən imtahanı müvəffəqiyyətlə başa vuran iştirakçılara diplom və sertifikatlar təqdim ediləcək.

 

Hər bir rayonda 1-ci mərhələni uğurla başa vurmuş insanlardan ibarət “İnformasiya Texnologiyaları qrupu” yaradılır. Bu qrupa artıq hər bir rayonda bu kursu keçən iştirakçılar arasından ən fəalları və kursu ən yaxşı mənimsəyənlər daxil ediləcək. Bu qrup isə layihənin ikinci mərhələsinə rayonda kompüteri bilməyən digər insanları cəlb edir. Qrupun kompüter bilikləri Bakı şəhərində tərəfimizdən daha da təkmilləşdiriləcək və artıq daimi şəkildə onlar öz regionlarında kompüter savadsızlığının aradan qaldırılmasına, insanların internet və kompüter texnologiyalarından istifadəsini öyrətməyə xidmət edəcəklər.  Layihənin ikinci mərhələsində hər bir rayonun özündə xüsusi kompüter otaqları hazırlanacaqdır. 

Layihənin elanları və ərizə formaları tədricən regionlara göndərilir. Bu elanlar regionlarda yerləşən müxtəlif yerlərdə-məktəb, kollec, universitet, kitabxana, mədəniyyət evləri, internet klub, park, poçt, bələdiyyə, xəstəxana və bu kimi digər kütləvi yerlərdə yerləşdiriləcək. Təlimlərdə iştirak etmək istəyənlər ərizə formalarını hər bir rayonun Gənclər və İdman idarələrindən əldə edərək doldurmalıdırlar. Toplanılan ərizə formaları üzrə seçilən iştirakçılar kurslara dəvət ediləcək. 

Bundan başqa, layihə müddətində www.itacademy.az saytı fəaliyyət göstərəcək ki, bu saytda mütəmadi olaraq kursların gedişatı barədə məlumatlar, foto və video görüntülər, elanlar yerləşdiriləcək, kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumatlar yayılacaq. Bütün bunlar artıq insanların onların rayonunda bu kursun nə vaxt keçiriləcəyini bilmələrinə və kurslara yazılmalarına, eyni zamanda digər rayonlarda keçirilmiş kursların gedişatını izləməyə şərait yaradacq. 

Bizim üçün kompüter və internetdən istifadəni öyrətmək bir vasitədir. Əsas məqsədimiz insanları informasiya cəmiyyətinə qoşmaqdır. Artıq insanlar – müəllimlər, tələbələr internetdə öz sahələrinə, peşələrinə uyğun məlumatı necə tapmağı, ayrı-ayrı kurslarda, proqramlarda iştirak etməyi, öz ixtisaslarını daha da təkmilləşdirməyin müxtəlif yollarını, dolayısıyla insan kapitalının inkişaf etdirilməsinə xidmət edəcək bütün bu vasitələri kompleks şəkildə mənimsəmiş olacaqlar. 

Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi konsepsiyasını irəli sürmüşdür. Biz hər zaman “İrəli” İctimai Birliyi olaraq Azərbaycanda yeni vətəndaş obrazının yaradılmasına, müasir, inkişaf etmiş və cənab Prezidentin islahatlarını mənimsəyən və ona real mənada öz peşəkarlığı ilə dəstək verən, yeni nəsil islahatçılar sinfini formalaşdırmağa çalışmışıq. Hesab edirik ki, biz bu layihəni həyata keçirməklə kifayət qədər böyük bir insan kapitalı formalaşdıracağıq və bu, Azərbaycan üçün çox əhəmiyyətlidir. Mən əminəm ki, belə gənclərin arasında gələcəkdə adlarını yeni elmi-texniki nailiyyətlərdə, ən nüfuzlu elm və tədris müəssisələrində eşidəcəyimiz insanlar olacaq.

Bu gün bütün dünya informasiya yarışındadır. Azərbaycan da torpaqlarımızın 20 faizini işğalda saxlayan Ermənistanla informasiya müharibəsi aparır. Hesab edirəm ki, “İnformasiya Texnologiyaları Akademiyası”-nın yekununda Azərbaycanın apardığı informasiya müharibəsinə 50 000 yeni əsgər bəxş etmiş olacağıq. 

1 İyun 2009-cu ildə layihəyə Gəncə şəhərində start veririk. 

Bizi tezliklə öz şəhər və rayonlarınızda gözləyin. 

Hörmətlə,

Ceyhun Osmanlı

“İRƏLİ” İctimai Birliyinin sədri

http://www.itacademy.az/about/