20 Yanvar faciəsinin 20-ci il dönümü ilə bağlı "İnformasiya Texnologiyaları Akademiyası" layihəsi hal-hazırda təlimlərin keçirildiyi Ağsu və Şirvan, eləcə də Lənkəran şəhərlərində bir sıra tədbirlər həyata keçirmişdir.
Ağsu şəhərində layihə heyəti iştirakçılarla bərabər Şəhidlər Xiyabanını ziyarət etmişlər. Təlimlərin başlanğıcında isə Vətənin azadlığı və ərazi bütövlüyü üğrunda şəhid olan həmvətənlərimizi bir dəqiqəlik sükutla yad etdikdən sonra 20 Yanvar faciəsindən bəhs edən film nümayiş olunmuşdur. Filmdən sonra iştirakçılara 20 Yanvar faciəsi haqqında məlumat verilmişdir. Daha sonra 20 Yanvar faciəsini əks etdirən fotolar və qısa məlumat 1000-dən artıq əvvəlcədən müəyyən olunmuş xarici ölkələrin media agentlikləri, qeyri-hökumət təşkilatlar, dövlət idarələri və s. elektron poçt ünvanlarına göndərilərək e-mail attack həyata keçirilmişdir. Hal-hazırda layihə heyəti 20 Yanvar faciəsindən bəhs edən videoklip hazırlayır. Hazır olduqdan sonra videoklip İnternetdə yayımlanacaqdır.
Şirvan şəhərində təlimlərə davam edən "İnformasiya Texnologiyaları Akademiyası" layihəsinin digər qrupu da 20 Yanvar faciəsi ilə bağlı layihənin bütün iştirakçıları ilə birgə e-mail hücum aksiyası həyata keçirmişdir. Bundan başqa təlimlərin başlanğıcında faciədən bəhs edən film nümayiş olunmuş və iştirakçılara bubarədə ətraflı məlumat verilmişdir.
Ağsu və Şirvan şəhərlərindən keçirilən e-mail hücum aksiyasına Lənkəran şəhərində "İnformasiya Texnologiyaları Akademiyası" layihəsinin iştirakçılarından da dəstək gəlmişdir. Qeyd edək ki, layihə Lənkəran şəhərində keçən ilin oktyabr ayında keçirilmişdir.


